Polad Bülbüloğlu: "Azərbaycan bir santimetr torpağı belə güzəştə getməyəcək"

"Dağlıq Qarabağ münaqişəsinin ilkin səbəbi həllini tapmasa, Azərbaycana qarşı təcavüz dayandırılmasa və Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmasa, heç kəs heç nəyə təminat verə bilməz".

 

APA TV-nin məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransına canlı bağlantı ilə qoşulan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

 

Səfir bildirib ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan prezidenti heç vaxt bir santimetr torpağı belə güzəştə getməyəcək: "Bunu hər kəs anlamalıdır - həm Ermənistan, həm dünya ictimaiyyəti, həm də həmsədrlər... Azərbaycan prezidenti, XİN də bunu dəfələrlə bəyan edib. Amma bizi nə eşidirlər, nə də eşitmək istəyirlər. Aprel hadisələri göstərdi ki, "status-kvo" qəbuledilməzdir".

 

Vyana görüşünə toxunan diplomat həmin görüşdə prezidentlərin iyun ayında yenidən danışıqlar aparmaq barədə razılığa gəldiyini xatırladıb: "Görüşün yeri ilə bağlı müxtəlif təkliflər oldu. Ötən gün Rusiya XİN-in saytında Sankt-Peterburqda üçtərəfli görüşün olacağı barədə xəbər yerləşdirildi, lakin nəyə görəsə sonradan çıxarıldı. Mən görüşün harada, nə vaxt keçiriləcəyi barədə danışmağa səlahiyyətli deyiləm. Lakin düşünürəm ki, görüş iyunda baş tutacaq. Bu görüş bizim üçün çox vacibdir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcək addımların vektorları müəyyənləşdiriləcək".

 

Səfir son vaxtlar Ermənistan tərəfdən ünvanına səslənən tənqidlərə də münasibət bildirərək deyib ki, erməni diplomatlar nə deməyindən asılı olmayaraq, ədalət bərpa olunacaq, ərazimiz azad ediləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv