Məhəmməd Əliyə ehsan verən buzovnalı axund: “100 nəfər adam nəzərdə tutmuşam”
Buzovnaya çatanda ehsan süfrəsinin düzəldilməsinə hazırlıq gedirdi. Qəsəbəyə yolumuzu salmağın səbəbi isə ilahiyyatçılardan birinin əfsanəvi boksçu Məhəmməd Əlinin xatirəsinə ehsan verəcəyi xəbəri idi.
Öyrəndik ki, ehsan məclisinin təşkilatçısı Hacı Soltan Əlizadə həm də Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Buzovna qəsəbə Cümə məscidinin axundudur. Onun sözlərinə görə, gənc yaşlarından etibarən dünyaca məşhur və nümunəvi hesab etdiyi idmançılara pərəstiş edib: "Məktəb illərində "Mazandaran pələngi" yayımlanırdı kinoteatrlarda. Kinokluba gedib o filmi izləyərdik. Çox böyük tərbiyəvi əhəmiyyəti vardı. İdmana həvəs yaxşı insan, xeyirxah adam obrazına maraq məndə elə ordan yarandı. Pəhləvanın Allah inamı, roldakı mərdliyi məndə müsbət təsir yaratdı".
Elə həmin illərdə Məhəmməd Əlinin İslam dinini qəbul etməsi Hacı Soltanda onun haqqında məlumatlar toplamağa maraq yaradır: "Onun İslam dinini qəbul etməsi Vyetnam müharibəsinə etirazıdır. Onu ədalətli müharibə saymadı Məhəmməd Əli. Bildiyiniz kimi, ona "Sülh ordeni" də verilib. "İslam sülh dinidir" deyib etiraz etdi, onu həbs etdilər".
Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Buzovna qəsəbə Cümə məscidinin axundu olan H.S.Əlizadə Məhəmməd Əli ilə görüşmək istəsə də, bu arzusu həyata keçməyib: “Amma İmaməli Həbibi ilə görüşmək nəsib oldu. Mən bu insanlara əqidələrinə, imanlarının bütövlüyünə görə pərəstiş etmişəm. Məhəmməd Əli haqqında kitab yazarkən bizim idmançılar Amerikaya gedirdi. Mənim də ora gedib Məhəmməd Əli ilə görüşmək şansım yaranmışdı. Amma bəzi səbəblərdən baş tutmadı. Ağacan müəllim onunla görüşəndə demişdi ki, sənin haqqında kitab yazılıb, şəklindən bir imza istəyib. Əvvəl çox təəssüflənib. Deyib gərək müəllifi gətirəydin. İçində 300 fotosu olan albomunu iki yerdən imzalayaraq mənə göndərmişdi. Həmin albomdan 40 fotonu seçib kitaba əlavə etdik”.
Onlarla kitabın müəllifi olan H.S.Əlizadə idman və idmançılar haqqında ümumilikdə 3 kitab yazıb. Bu kitablardan biri Məhəmməd Əli, biri İmaməli Həbibi haqqındadır. Digər kitab isə “İdman Antologiyası” adlanır. Maraqlıdır ki, bütün bunlara baxmayaraq, onun ali təhsili yoxdur, "bu məndə bir istedaddır" deyir. Məhəmməd Əlinin ruhuna ehsan verilməsi ideyasına gəlincə, H.S.Əlizadə dedi ki, bu sırf onun təşəbbüsüdür: "Təxminən 100 nəfərdən artıq adam nəzərdə tutmuşuq. Zəng edib xəbər bilənlər çoxdur. Gələn nə qədər adam olsa, buyursun gəlsin. Allahın evidir, yerimiz boldur".
Hacı Soltanın dediyinə görə, hamı iftara yaxın yığışacaq.
Qeyd edək ki, mərasimin keçirilməsi nəzərdə tutulan otaqda Məhəmməd Əlinin fotoları divarlara bərkidilir, qonaqların yerdən oturması üçün döşəklər düzülürdü.