Arif Əsgərov: “Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi qrafikə uyğun aparılır”

Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi nəzərdə tutulmuş qrafikə uyğun aparılır və layihə 2014-ci ildə istismara veriləcək.


Yolun birinci və ikinci hissəsi tamamlanıb. Gürcüstan və Türkiyə arasında 4,3 kilometr uzunluğunda tunelin tikintisi davam etdirilir. Gürcüstan sərhəddindəki Kartsaxu stansiyasında 18 kilometr yeni yol və manevr işləri aparmaq üçün stansiyada 7 yol qovşağı qoyulub.

"Azərbaycan dəmir Yolları" QSC həm də bu ilin sonunadək Bakı-Böyükkəsik dəmir yolunun 317 kilometrlik hissəsinin müasirləşdirilməsini və yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Arif Əsgərovun sözlərinə görə, dəmiryolu nəqliyyatı vasitələrinin hamısının müasirləşdirilmə işləri davam etdirilir. Xüsusən, əsaslı təmir üçün Ukraynaya göndərilmiş 60 vaqondan 46 ədədi Bakıya gətirilib, Rusiyada təmir edilmiş 16 vaqondan artıq 6 ədədi QSC-yə təhvil verilib.

Bu ilin 9 ayı ərzində dəmiryolu ilə 1.9 milyon sərnişin və 17 milyon ton yük daşınıb.

13 oktyabrda peşə bayramlarını qeyd edən dəmiryolu işçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanda dəmiryolunun təməli 1878-ci ildə qoyulub. Bu, uzunluğu 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu olub.
 

Müəllif | Apa.Tv