AVRO-2016: ilk oyun, ilk qol, ilk qələbə...
Futbol üzrə Avropa çempionatının açılış oyunu ev sahiblərinin qələbəsi ilə başa çatıb. APA TV-nin məlumatına görə, Fransa millisi “Stad de Frans”da Rumıniya yığması ilə qarşılaşıb. Oyun fransızların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Birinci hissədə komandalardan heç biri hesabı aça bilməyib. Lakin hər iki komandanın qapısında bir neçə təhlükəli vəziyyət yaranıb.
Avropa çempionatının ilk qolu ikinci hissədə vurulub. 57-ci dəqiqədə Olivye Jiru cinahdan asmanı qola çevirib.
Bundan 8 dəqiqə sonra Fransa millisinin qapısına penalti təyin edilib. Boqdan Stanku yaranmış fürsətdən məharətlə yararlanıb.
Bu, qarşılaşmanın sonuncu qolu olmayıb. Oyunun sonunda Dimitri Payet sol ayağı ilə vurduğu baxımlı qolla fransızlara qələbə gətirib.
Beləliklə, Fransa millisi 3 xal toplayıb və A qrupunda liderdir. Rumınlar isə ilk gündən turnir cədvəlinin sonuncu pilləsindədir. Bu gün A qrupunda ilk turun sonuncu oyunu keçiriləcək. Albaniya və İsveçrə millilərinin qarşılaşması Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.