Ağdamda inək minaya düşdü
Ağdamda otlaq sahəsində iribuynuzlu heyvan minaya düşüb. Hadisə rayonun Əfətli kəndində qeydə alınıb. APA TV-nin məlumatına görə, kənd ərazisində məskunlaşan Laçın rayon sakini Bədrəddin Əliyev heyvanlarını otararkən heyvanlardan biri minanın üstünə çıxıb və partlayış baş verib.
Çobanın sağ qalmasına səbəb isə onun mindiyi atın təhlükəni hiss edərək sahibini təhlükəli ərazidən uzaqlaşdırması olub. Partlayan hərbi sursatın növü hələlik məlum deyil. Yerli sakinlər son günlər tez-tez belə partlayışlara şahid olurlar. Ermənilər dağlardan gələn sel sularına külli miqdarda partlamamış hərbi sursat buraxırlar.
Son bir ayda ANAMA-nın əməkdaşları otlaq və əkin sahələrindən xeyli sayda partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirib. Minaaxtaranlar axtarışları davam etdirirlər.