Meyvə-tərəvəz mövsümü: niyə ancaq yerli mal? - REPORTAJ

Yayda bol vitaminli, zəngin tərkibli meyvə-tərəvəz məhsulları orqanizmi lazımi maddələrlə təmin etməyə imkan verir. Məhz bu dövrdə təbii məhsullarla yanaşı istixanalarda yetişdirilən, xaricdən gətirilən məhsulların bolluğu da nəzərə çarpır. Bəs belə bolluq şəraitində əhali hansı məhsullardan istifadə etsin? Qastroenteroloq Vüqar Rəsulov təbii şəkildə yetişdirilmiş meyvə-tərəvəzə üstünlük verməyi tövsiyə edir.

 

“Meyvə və tərəvəzlərin qəbulu bir neçə istiqamətdə faydalıdır. İlk növbədə, vitaminlər, mikroelementlər qaynağı kimi. Bunların çatışmazlığı nəticəsində qaraciyər, dalaq, sümük iliyi və digər orqanlar, eləcə də qan funksiyasını itirməyə başlayır”.

 

Həkim deyir ki, əksər hallarda müəyyən əlamətlər elə öncədən bilinir. Lakin bəzi fəsadlar illər sonra bəlli ola bilər.

 

“Mədə-bağırsaq pozuntusu, ishal, qusma, zəhərlənmə əlamətləri verə bilər. Amma əksər maddələr bədəndə illərlə yığılır. Nəticə özünü illər sonra göstərir. Zəhərli maddələr sümük iliyi, qaraciyər, dalaqda yığılır. Dəri səpgiləri, daxili orqan xəstəlikləri müşahidə olunur. Təəssüf ki, illər sonra araşdırıb dəqiq diaqnoz qoymaq çox çətindir. Bunun üçün gərək illərin analizlərini toplayasan”.

 

Bəs bazarlarda vəziyyət necədir? Mövsümi meyvələr təxminən 10 gündür satışa çıxarılıb. Söhbət çiyələk, tut, alça kimi təbii şəraitdə yetişən məhsullardan gedir. Amma bazarda yay fəslinin ortalarında yetişəcək məhsullara da rast gəlinir. Qarpız, yemiş, gavalı və sair.

 

“Göründüyü kimi, piştaxtalarda növbənöv meyvə və tərəvəz göz oxşayır. Qarşıdan yay mövsümü gəldiyi üçün bolluq da nəzərə çarpır. Bəs görəsən, yerli məhsullara tələbat daha çoxdur, yoxsa xarici? Elə bu suala cavab tapmaq üçün bazarlara üz tutduq”.

 

Bazarda tələbat daha çox yerli məhsullaradır. Mövsümündə təbii şəraitdə yetişdirilən məhsullar daha çox alınır.

 

Satıcı Elton Məmmədovun sözlərinə görə, son zamanlar bazara xarici məhsulların gətirilməsi azalıb: “Bir ay əvvələ qədər xaricdən məhsullar gətirilirdi. Onlar da tələbata uyğun deyildilər. Tamı, dadı ilə əlaqədar. Hal-hazırda yerli meyvələrimiz çıxıb. Üstünlük verilir. Alver gedir. Təbii ki, yayda gün şüası altında yetişən meyvə-tərəvəzin tamı başqadır. Üstünlüyü var. Lazımi məqamlarda istixana məhsullarına da tələbat var”.

 

Alıcılar məsələ ilə bağlı fikri isə fərqlidir:

- “Özümüz yeyirik. Xoşumuza gəlirsə, ağız tamımıza uyğundursa, götürürük".

- Alıcılar necə, məhsulun təbii, yaxud istixana məhsulu olması ilə maraqlanırlarmı?

- Bəli. Biz də olduğu kimi, deyirik. Onlar da alırlar, razı qalırlar.

 

Satıcı İlham Quliyev İrandan gətirilən qarpızlarda nitrat həcminin az olduğunu deyir: “Bilən adam İran qarpızı alır. Çünki yerli qarpız istixanada yetişdirilmiş olur. Amma İran qarpızı çöl qarpızıdır. Nitratı az olur. Həm də şirinliyi yaxşıdır”.

 

Alıcılar da xaricdən gətirilən meyvə-tərəvəzə o qədər də etibar etmədiklərini bildirdilər.

 

- Yerli məhsullara üstünlük verirəm.

- Satıcılara etibar edirsiz, yoxsa özünüzə?

- Özümə. Əlbəttə, yerli məhsullar almağa çalışırıq. Çiyələk, gilas, alça. Bu vaxtlar nə qarpız, nə də yemiş almıram. Onların vaxtı var. O məhsullar iyul ayının sonlarında, avqust ayında alınmalıdır.  

 

Bəs əcnəbi ölkələrdən idxal olunan meyvə-tərəvəz məhsullarının keyfiyyətinə nəzarət necə həyata keçirilir? Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, meyvə-tərəvəz məhsulları karantin nəzarətində olan yük olduğu üçün ilk növbədə, xidmət tərəfindən verilən idxal karantin icazəsi ilə qəbul olunur. Yəni, respublikaya idxal edilməzdən öncə, iş adamları dövlət xidmətinə rəsmi qaydada müraciət edir. Xidmət tərəfindən həmin ölkənin fitosanitar vəziyyəti araşdırılır. Əgər fitosanitar problem yoxdursa,  məhsulun idxalına icazə verilir. Sonrakı mərhələdə isə xidmət tərəfindən laborator müayinələr aparılır.

 

“Gələn yükün üzərində eyni zamanda fitosanitar nəzarət sertifikatı olur. Müvafiq gömrük məntəqəsində yük açılarkən bizim müfəttişlər iştirak edir, nümunələr götürülür. Həmin nümunələr xidmətin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzinin laboratoriyalarına, eyni zamanda Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarına verilir”.

 

İl ərzində 50 tondan artıq meyvə-tərəvəz məhsulu məhv edilib. 24 ton kartof məhsulu zərərsizləşdirilib. Eyni adda 48 ton məhsul İran İslam Respublikasına geri qaytarılıb. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bu il 2 mərkəz yaradılıb və hər mərkəzin tərkibində ayrı-ayrılıqda 5 laboratoriya fəaliyyət göstərir. Hər bölmə üzrə maddi-texniki baza təkmilləşdirilib və ən müasir avadanlıqda təmin olunub.

 

O ki qaldı ki, istixanaların fəaliyyətinə...

 

“Bu gün müasir texnologiya tələb edən istixanalarda məhsulun keyfiyyəti açıq sahədə becəriləndən daha yaxşıdır. Söhbət pestisid və nitrat, nitrit qalıqlarından gedir. Açıq sahədə aqrokimyəvi maddələr kor-təbii şəkildə verilir. Müasir istixanalarda isə bu, kompüter sistemi ilə ölçülür. Sevindirici haldır ki, hazırkı istixana məhsullarında nitrat, nitritlərin miqdarı normadan 50% aşağıdır”.

 

Azərbaycanda son illər istixanaların sayı artıb. Bu isə istehsalın artmasına və ixracata müsbət mənada təsir edib. Belə ki, bu ilin 5 ayında meyvə-tərəvəz məhsullarının ixracında 56,3% artım olub.

 

Müəllif | Apa.Tv
Apa.tv