ABŞ Lukaşenkoya qarşı sanksiyaların müddətini artırdı
Barak Obama bir neçə Belarus rəsmisinə qarşı sanksiyaların müddətinin artırılması barədə qərar verib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu sanksiyalar ölkə prezidenti Aleksandr Lukaşenkoya da şamil edilib.
Ağ Ev bu addımı korrupsiyaya və müşahidə olunan insan haqlarının pozulması faktlarına görə atdığını bildirib.
Qadağalara məruz qalan şəxslər özbaşınalıqda, siyasi repressiyalarda ittiham olunurlar. Məsələ yalnız bununla bitmir. Siyahıda adları keçən şəxslər rüşvətdə də təqsirli bilinirlər və yüksək vəzifəli şəxslərin bu hərəkətlərinin Amerikanın bölgədə yürütdüyü xarici siyasətinə təhlükə yaratması kimi dəyərləndirilir.
Xatırladaq ki, başda Lukaşenko olmaqla Belarusa sanksiyalar 2006-cı ilin iyunundan tətbiq edilməyə başlayıb.
Bu ilin fevralında isə Avropa İttifaqı Belarus prezidenti üzərindən sanksiyaları götürüb. Bu, onun Avropa Birliyinin siyasi məhbus hesab etdiyi şəxsləri azad etməsi ilə bağlı atılan bir addımdır.