ABŞ İŞİD-lə döyüşən üsyançılara aviazərbələr endirib

Birləşmiş Ştatlar aviasiyası səhvən Suriya üsyançılarının mövqelərinə aviazərbələr endirib.

 

APA TV-nin məlumatına görə, 27-28 may tarixlərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Mara yaşayış məntəqəsini bombalayıb.

 

O zaman Pentaqonun bununla bağlı yaydığı açıqlamada aviazərbələr nəticəsində İŞİD-ə məxsus iki taktiki hədəf və nəqliyyat vasitələrinin məhv edildiyi bildirilib.

 

Lakin, bu əməliyyatlardan sonra Pentaqon tərəfindən dəstəklənən "Mutasim" qruplaşması İŞİD tərəfdarları ilə döyüşlər zamanı zərbələrin onların mövqelərinin bombalandığı xəbərini yayıb. Qruplaşma eyni zamanda aviazərbələr zamanı 10 üzvünün öldürüldüyünü də bildirib.

 

Əməliyyatdan dərhal sonra ABŞ Mərkəzi Komandanlığı baş vermiş yalnışlığa görə üzr istəyib.

 

Mərkəzi Komandanlığın sözçüsü Patrik Rayder baş vermiş insidenti etiraf edərək, hazırda faktın detallı şəkildə araşdırıldığını qeyd edib. O, eyni zamanda İŞİD-lə mübarizə aparan istənilən qruplaşmaya bundan sonra da dəstək veriləcəyini bildirib.

 

Baş vermiş hadisə barəsində məlumatların gec yayılmasına gəlincə, P.Rayder bunu koalisiya qüvvələrinin olaydan gec xəbərdar olması ilə əlaqələndirib.

 

Qeyd edək ki, ötən ilin dekabr ayında İraqda baş vermiş analoji insident zamanı hərbi aviasiyanın yalnışlıqla İraq əsgərlərini hədəfə alması 10 hərbçinin öldürülməsi ilə nəticələnmişdi.

 



 

Müəllif | Apa.Tv
Apa.tv