Ağ Ev: Dağlıq Qarabağa və ətraf rayonlara Azərbaycan nəzarət etməlidir
Ağ Ev Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalmış Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.
APA-nın Ağ Evə istinadən verdiyi məlumata görə, cavabda ATƏT-in Minsk qrupu kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə dəstək ifadə olunub.
Cavabda bildirilir ki, Ağ Ev Sərsəng su anbarı ilə bağlı AŞPA-da qəbul edilən 2085 saylı qətnamə ilə tanışdır, lakin AŞPA üzvü olmamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan istənilən tərəflə fikir mübadiləsi aparmaq imkanlarını yüksək qiymətləndirir:
“Biz tərəfləri təmkinlik göstərməyə, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırırıq. Tərəflərlə davam edən dialoqun bir parçası olaraq biz humanitar məsələlərlə bağlı müzakirələrin də aparılmasına çalışırıq və çalışacağıq. Sərsəng su anbarının idarə olunması və istismarı bunlardan biridir. Biz tərəflərdən olan texniki ekspertlərin idarə olunma və bənd yoxlanmasını müzakirə etməklə bağlı görüşünü alqışlayırıq. Həmsədrlər bu kimi görüşlərə təkan verməyə hazırdır. Uzun sürən bu münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. ATƏT-in Minsk qrupu ölkəsi kimi biz regionda sülh və rifahın təmin olunmasında səylərimiz davam etdirəcəyik”.