Azərbaycanın nə qədər neft ehtiyatı var? - AÇIQLAMA
Azərbaycanın təsdiqlənmiş neft ehtiyatlarının həcmi 7 mlrd. barrel təşkil edir.
“APA-Economics”in məlumatına görə, bu barədə BP şirkətinin 2015-ci ilin sonu üçün hazırladığı “Energetika sahəsinin icmalı - 2016” hesabatında deyilir.
Hesabata görə, Azərbaycanda sutka ərzində 841 min barel neft istehsal olunur ki, bu da əvvəlki illə müqayisədə 1% azdır: “Ölkədə gündəlik olaraq neft istehlakı 99 min bareldir ki, bu da 2014-cü illə müqayisədə 1,3% aşağıdır”, - deyə məlumatda bildirlir.
Hesabatda həmçinin deyilir ki, Qazaxıstanın neft ehtiyatlarının həcmi 30 mlrd. barrel təşkil edir, Rusiyanın neft ehtiyatlarının həcmi 102,4 mlrd. barrel, Özbəkistan və Türkmənistanın hər birinin neft ehtiyatlarının həcmi 0,6 mlrd. barrel təşkil edib. Dünyada ən böyük neft ehtiyatlarına sahib ölkə isə Venesueladır. Bu ölkənin “qara qızıl” ehtiyatlarının həcmi 300,9 mlrd. barrel, Səudiyyə Ərəbistanının 266,6 mlrd. barrel, Kanadanın isə 172,2 mlrd. barrel olub. İranda təsdiqlənmiş neft ehtiyatlarının həcmi 157,8 mlrd. barrel, İraqda 143,1 mlrd. barrel, Küveytdə isə 101,5 mlrd. barrel olub. ABŞ-a gəldikdə isə onun təsdiqlənmiş neft ehtiyatlarının həcmi 55 mlrd. barrel, Çində isə 18,5 mlrd. barrel təşkil edib.
Bununla belə Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı dünyanın ən iri neft hasilatçısı ölkələri olaraq qalır.
Bundan başqa, dünyanın ən fəal neft istehlakçıları sırasına daxil olan Rusiya son bir il ilə müqayisədə gündəlik neft istehlakının həcmini 5,2% azaltmasına baxmayaraq, bu ölkədə gündəlik olaraq 3 mln. 113 min barrel neft istehlak olunur.
Ən böyük neft istehlakçılarından biri olan ABŞ gündəlik neft istehlakını 1,6% artıraq 19 mln. 396 min barrelə, Çin isə 6,3% artıraq 11 mln. 969 min barrelə yaxınlaşdırıb. Bundan başqa, Filippində gündəlik neft istehlakı 14,3% artaraq sutka ərzində 399 min barrelə, Slovakiyada 11,3% artaraq 78 min barrelə, Türkiyədə isə 12,5% artaraq 835 min barrelə qalxıb.
Neft istehlakının həcminin azalmasına görə siyahıda Venesueladan sonra Ukrayna gəlir. Ukraynada gündəlik neft istehlakı həcmi bir ildə 12,7% azalaraq 678 min barrel təşkil edib.