Türkiyə Xorvatiyaya uduzdu
Türkiyə milli komandası Fransada keçirilən futbol üzrə Avropa çempionatına məğlubiyyətlə başlayıb. APA-nın məlumatına görə, iyunun 12-də Türkiyə və Xorvatiya millilərinin qarşılaşması ilə “D” qrupunda oyunlara start verilib.
İsveçli baş hakim Conas Erikssonun idarə etdiyi matçın ilk hissəsinin 41-ci dəqiqəsində Xorvatiya millisinin oyunçusu Luka Modriç hesabı açıb.
İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, tərəflərin heç bir fərqlənə bilməyib. Top iki halda qapı tirinə dəyib, bir neçə halda qapıçı Volkan Babacan qapını qoldan xilas edib, daha bir neçə epizodda isə xorvat forvardlar hədəfdən yayınıblar.
Bununla da Türkiyə millisi “D” qrupunda ilk oyununda məğlub olub.
Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.