Moskvada azərbaycanlılara qarşı KÜTLƏVİ HÜCUMLAR
Rusiya paytaxtında yüzlərlə “skinhed” Qafqaz və Orta Asiyadan gələn miqrantlara hücum edib. Hadisə paytaxtın Brulyova rayonunda baş verib.
Rus millətçiləri oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatilinin tapılmamasına etiraz edərək, Qafqaz və Orta Asyadan olanların çalışdığı “Biryoza” ticarət mərkəzinə hücum ediblər. Nəticədə 5 nəfər Orta Asya ölkələrindən olan şəxs ölümcül döyülüb. Onlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilib.
Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Rus millətçiləri polislərə də müqavimət göstəriblər. Daş-kəsək və dəmir alətlərlə onlara xəsarət yetirilib.
Ticarət Mərkəzinə daxil olan milliyətçiləri sakitləşdirmək mümkün omayıb. Onlar mağazalara, ətrafda yerləşən obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər.
Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Brulyova rayonunda baş verən hadisə ilə bağlı təcili göstərişlər verib. O, keçirdiyi fövqəladə müşavirədə rəhbər işçilərdən meyvə bazalarının hamısında yoxlamaların aparılmasını tələb edib. Nazir onları işlərini itirəcəkləri ilə də hədələyib: "Topdansatış meyvə bazalarının məsələsini həll etmək lazımdır. Bunu ya siz edəcəksiniz, ya da sizin yerinizə başqa rəhbər şəxslər edəcəklər. Onlar daimi gərginlik mənbələridirlər. İnanıram ki, bu tədbirlər şəhərdə vəziyyətin sağlamlaşmasına səbəb olacaq. Bütün təxribatçılar, hadisələrin bütün fəal iştirakçıları mümkün qədər tez bir vaxtda müəyyənləşdirilməli və qanunlara uyğun şəkildə məsuliyyətə cəlb edilməlidir. Bizim başqa variantımız ola bilməz".
Brulyova rayonunda yerləşən meydana yığışanları dağıtmaq üçün “Vulkan” kod adı altında əməliyyat keçirilib. Nəticədə 380 nəfər saxlanılıb.
Qeyd edək ki, oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatili hələ də tapılmayıb. Çoxlu sayda bıçaq zərbəsi ilə törədilmiş qətli qeyri-slavyan mənşəli, qafqazlı görkəmli şəxsin törətdiyi bildirilir. Qatilin hələ də tapılmamasına etiraz edən yüzlərlə rus milliyətçisi paytaxtda yaşayan qeyri-slavyanlara qarşı hədə-qorxu və milli zəmində sərt irqçi şüarlar səsləndiriblər. Hazırda Brulyova rayonunda küçələrdə qeyri-slavyan görkəmli şəxslərin gəzməsi təhlükəli hesab olunur.
Brulyova rayonunda çoxlu sayda azərbaycanlı yaşayır. Paytaxtın ən böyük meyvə-tərəvəz bazası olan “Pokrov” bazarı da bu rayonda yerləşir. Həmin bazarda çoxlu sayda həmyerlimiz çalışır.
Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin İqor Şerbakovun qatilinin yaxalanması istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyini söyləyib. Onun sözlərinə görə, artıq şübhəli şəxs qismində bir neçə nəfərin şəxsiyyəti müəyyən edilib: “Qətli törədənin Rusiya vətəndaşı olmadığı məlumdur. Cinayəti törədən şəxsin anket məlumatları hazırlanır ki, onun barəsində axtarış elan edilsin”.