Şimal çaylarında balıqlar yoxa çıxıb - PROBLEM
Ölkənin şimal regionundan axan çaylarda balıq ehtiyatları azalıb. Bunun başlıca səbəbləri kürü tökmək üçün çaylara üz tutan balıqların su hövzələrinə girişində yaranan problemlərdir. Həvəskar balıqçıların sözlərinə görə, azalma il-ildən özünü daha çox göstərir.
Balıqçı Mirzəcan Ağasıyevin sözlərinə görə, əvvəllər bu çaylarda çoxlu balıq olub: “Əvvəl lap kefin istəyən balıq olurdu bu çaylarda. Əvvəl nə vaxt getsəydin, boş qayıtmırdın. İndi gedərsən 2-3 gün çayın kənarında dayanarsan, bir dənə balıq tuta bilməzsən. Çaylar da darlaşıb, elə bil arx suyudur. Çayların içi daş karxanalarıdır. Zəhər tökülür çaya..."
Balıq ehtiyatlarının azalmasında çaylarda qurulan torların da rolu var. Xüsusilə çay kənarında yerləşən kəndlərin sakinləri gəlir əldə etmək üçün bu üsuldan faydalanır. Çayların mənsəblərinə yaxın yerlərdə quraşdırılan torlar balıqların çaylara girişini əngəlləyir.
Balıqçı Akif İsmayılov problemin yaranmasında daş karxanalarının da rolunun olduğunu deyir: "Bu çaylarda balıq çox olurdu. İndi həm natəmizlik olduğu üçün, həm də daş karxanaları olduğu üçün balıq da yoxa çıxıb. O vaxtlar hər il təmizlənirdi çaylar, indi nə təmizləyən var, nə də baxan. İndi balıq yoxdur".
Balıq ehtiyatlarının kəskin şəkildə azalmasının əsas səbəblərindən biri onların çayda kürü tökmə imkanlarının olmamasıdır. Kürü tökmək üçün şirin su mənbələrinə, yəni çaylara üz tutan balıqlara yaradılan növbəti maneə isə avtomobil körpülərinin qorunması üçün tikilən bəndlərdir. Çay yatağında inşa olunun bəndlər balıqların çayın mənbəyinə doğru irəliləməsinin qarşısını alır.
Qeyd edək ki, Şimal regionunda Xəzər dənizinə 10-na yaxın çay tökülür.