Azərbaycanın sərhəd rayonlarında baytarlıq nəzarəti gücləndirildi - DABAQ TƏHLÜKƏSİ

İran İslam Respublikasında heyvanlar arasında yayılan dabaq xəstəliyi Lerik Rayon Baytarlıq İdarəsinin əməkdaşlarını hərəkətə gətirib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, qonşu ölkə ilə həmsərhəd ərazidə yerləşən rayonda heyvanlar arasında dabaq xəstəliyinin yayılma riski yüksək olduğundan, iri və xırdabuynuzlu heyvanların kütləvi vaksinasiyasına başlanılıb.

 

İlk olaraq rayonun Amburdərə kəndi ərazisində bəslənilən heyvanların vaksinasiyasını yekunlaşdırmaq nəzərdə tutulub. Buna səbəb isə Amburdərə sakinlərinin əsas məşğuliyyətinin maldarlıq olması və kəndin İranla 2 kilometr məsafədə yerləşməsidir.

 

Sücəddin Abdullayev, Amburdərə kənd sakini: "İran zonasına bizim ara məsafəmiz yaxındır. 2-3 km olar, sərhəddir. Eşitdiyimizə görə, o tərəfdə xəstəliklər yayılıb. Sağ olsun həkimlərimiz, gəlib vaksinləri vurdular vaxtlı-vaxtında".

 

Rayon Baytarlıq İdarəsinin 4 nəfərlik baytar-həkim briqadası sərhəddə yerləşən 20 kəndi nəzarətə götürüb. Bu günə kimi ərazidə mal-qara arasında heç bir xəstəliyin aşkarlanmadığı bildirilir. Heyvanların vaksinasiyasında əsasən Türkiyədən gətirilən vaksinlərdən istifadə olunur. Lerik Rayon Baytarlıq İdarəsindən bu vaksinlərin keyfiyyət baxımından daha yaxşı effekt verdiyi deyilir.

 

Lerik Rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev bildirib ki, xəstəlik virus xəstəliyi olduğuna görə çox geniş yayılır: "Özü də iqtisadi cəhətdən çox böyük ziyan vurur. Xəstəlik əsasən 3 formada təzahür edir - ağız forması, yelin forması, dırnaq forması. Xüsusilə ağız, dil və damaqda erroziyalar, yəni afta sulu şəkilli yaralar yaranır, dırnaq düşməsi ilə xarakterizə olunur. Yelində isə yenə iri aftalar yaradır. Buzovlarda ürək formasında olur, kütləvi ölüm yaradır".

 

Baytarlar sadalanan halları müşahidə edən heyvan sahiblərindən dərhal baytarlıq idarəsinə xəbər verməyi tövsiyə edir. Çünki xəstəliyə tutulan heyvanı digər heyvanlarla bir yerdə saxlamaq olmaz, onun ətindən və südündən istifadə etmək isə ağır fəsadlar yarada bilər.

 

Qeyd edək ki, Lerikdə vaksinasiya işləri 39 500 iribuynuzlu və 131 min xırdabuynuzlu heyvanı əhatə edəcək.

 

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında bildirib ki, qonşu ölkələrdə yayılan dabaq xəstəliyi səbəbindən Azərbaycanın bütün sərhəd rayonları baytarlıq nəzarətinə götürülüb. İyunun 1-dən başlayaraq ölkə ərazisində dabaq xəstəliyinə görə vaksinasiya tədbirlərinə başlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv