Göyçay və Şamaxıda güclü sel: kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi
Göyçay rayonuna yağan güclü leysan yağışı səbəbindən yaranan sel suları evlərə, həyətyanı və əkin sahələrinə ciddi ziyan vurub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, dağlardan gələn sel suları rayonun Yekəxana, Qaraməryəm və İnçə kəndlərində daha çox fəsadlar törədib.
Sel suları həyətyanı sahələrə, mənzillərin zirzəmilərinə, tövlələrə, bostan və otlaq sahələrinə xeyli ziyan vurub. Kənd sakinlərinə məxsus ev quşlarını, meyvə ağaclarını, xırda buynuzlu heyvanları və bir ədəd minik avtomobilini sel aparıb.
Həyətlərdə keçilməz su gölməçələri yaranıb, beton və metal suötürücüləri, eləcə də arxlar üzərindəki kiçik körpülər dağılıb. Sel suları küçələrdə dərin yarğanlar əmələ gətirib, 100 hektardan çox taxıl sahəsinə ciddi ziyan vurub.
Güclü sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsi bir saata yaxın bağlı qalıb. Yolun üzərindən 40-50 santimetr hündürlüyündə axıb keçən sel suları səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşıb. Sel suları Dəvəbatan çayı, Aşağı Qaraməryəm və İnçə kəndləri ərazisindən keçən xırda adsız dağ çayları üzərindəki körpüləri dağıdıb.
Şamaxıda güclü yağışdan sonra əmələ gələn sel suları rayonun bəzi ucqar dağ kəndlərində ciddi fəsadlar törədib. Sel suları fərdi təsərrüfatlara, əkin sahələrinə, taxıl və otlaq sahələrinə xeyli ziyan vurub, 10-a yaxın xırda buynuzlu heyvan və ev quşu tələf olub. Bir həftədir ki, rayona yağan yağışlar çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Rayonun əsasən Pirsaat çayı ətrafındakı kəndləri sel suları altında qalıb. Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolda, çayın üzərində yerləşən körpüləri sel aparıb. Nəticədə kəndlərin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib.
Hazırda Göyçay və Şamaxı Rayon İcra hakimiyyətlərinin nümayəndələri seldən zərər çəkən ərazilərə baxış keçirirlər.