Fəttah Heydərov: "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir"
Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və şuranın üzvləri Milli Qurtuluş günü münasibətilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və xanımı, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
APA TV-nin məlumatına görə, şura üzvləri məzarların üzərinə əklil qoyub, gül dəstələri düzüblər.
Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ulu öndərin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, hər zaman əziz tutulacağını bildirib: "Ona görə də xalqımız bu günü çox yüksək qiymətləndirir, Milli Qurtuluş Gününü bayram edir. Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Müstəqil Azərbaycanın dünya dövlətləri sırasında nüfuz qazanmasında ulu öndərin rolu böyükdür. Ağır günlərdə Azərbaycanın müstəqilliyi sual altında qaldıqda, Heydər Əliyev xalqın səsinə səs verdi. O, ilk dəfə Naxçıvanı işğaldan qorudu və Azərbaycanın qalan torpaqlarının parçalanması prosesinin qarşısını aldı. Ona görə də müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir".