Xaçınçay su anbarı daşdı: ermənilər çaya minalar buraxır

Erməni işğalında olan Xaçınçay su anbarının daşması nəticəsində Xaçınçaya sel gəlib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, torpaqların işğalından sonra ermənilərin qarşısını kəsdiyi çaylarda bəndlər uçub.

 

Təvəkkül Məmmədov Tərtərin Hüsənli kəndə yaşayır. Xaçınçay çayına sonuncu dəfə  8 il əvvəl su gəldiyini deyir: "Bizim yuxarıda göl var, ehtiyat su anbarıdır. Həmin su anbarı dolub daşıb. Ona görə ki, erməninin  işğalı altındadır, heç kim gedib o qapını aça bilməz. Xaçın gölüdür, Xaçınstroy deyirdilər vaxtilə".

 

Cəbhəyanı kənd sakinləri suyun səviyyəsi artdıqca, çayda tez-tez partlayışlar müşahidə edirlər. Ermənilərin çaya buraxdığı müxtəlif növ hərbi sursatlar güclü axın nəticəsində daşlara dəyib partlayır: "Səhər-səhər 3-ü olub. Təxminən 1 saat bundan əvvəl biri partladı. Biz hamımız əsgərlikdə olmuşuq, bilirik. Su yuyub gətirir, daşa dəyir dəyən kimi partlayır".

 

Hazırda Xaçınçayın sağ və sol sahilində yerləşən cəbhə kəndləri üçün təhlükə yoxdur. Yerli sakinlər çaydan götürdüyü su ilə əkin sahələrini suvarmağa çalışır.

 

Qeyd edək ki, Xaçınçayın uzunluğu 119 km, hövzəsinin sahəsi 657 kv. km-dir. Çay Qarabağ dağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarından başlayan bulaqların yağış, qar və yeraltı suların birləşməsindən əmələ gəlir. Çayın üzərində 1964-cü ildə Xaçınçay su anbarı tikilib. Ermənilərin Ağdam rayonunu işğal etməsi nəticəsində 1993-cü ildən Xaçınçay çayı və Xaçınçay su anbarının Azərbaycan tərəfdən istismarı mümkün deyil.

Müəllif | Apa.Tv
Apa.tv