İşğalçı ordunun veteran komandiri: "Bizim itkimiz daha böyükdür, nə 800 hektar?"

"Aprel döyüşlərindən sonra təmas xəttində vəziyyət sabitdir, amma müharibə hələ bitməyib". APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, bu açıqlamanı 1-ci Qarabağ müharibəsinin erməni komandiri Arkadiy Karapetyan verib.

"Mən xalqa həmişə müraciət edirəm, hara gedirsinizsə gedin - Rusiyaya, Avropaya, Amerikaya müharibə hər yerdə var. Üçüncü dünya müharibəsi başlayıb. Azərbaycan da bunu bilir və istədiyi vaxt hücuma keçə bilər. Bu il olmasa da gələn il Qarabağda müharibə başlayacaq. İndi bizim xalqımızın birləşmək üçün gözəl şansı var, amma öz ölkəmizdə".

O deyib ki, əgər baş verəcəyi istisna edilməyən müharibədə Ermənistan biabırçı şəkildə məğlub olacaq. "Bizdə ordu quruculuğu ilə yanaşı, düzgün informasiya işinin təşkili də axsayır. Arsenalımız isə qarşı tərəfin silahları ilə müqayisədə çox zəifdir", - deyə o qeyd edib.

O bildirib ki, Qarabağ probleminin sülh yolu ilə həlli utopiyadır və Azərbaycan sonunda öz torpaqlarını geri alacaq. "Heç kəs xəyallarla yaşamasın. Düşünməsin ki, Azərbaycan nəyəsə qol çəkəcək və hər şey bitəcək.  Bu heç vaxt olmayacaq. Biz öz vətənimizi təmizləməli, azad etməliyik.

"Dördgünlük müharibədə Azərbaycanın ələ keçirdiyi ərazilərin geri qaytarılması mümkündürmü?" sualını isə Karapetyan belə cavablandırıb: "Bizim itkimiz daha böyükdür, 800 hektar nədir ki? Bizim oğurlanmış vətənimiz var. Bu haqda fikirləşmək lazımdır".

Müəllif | Apa.Tv
Apa.tv