Dövlət Neft və Sənaye Universitetinə media tur təşkil edildi
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaz imtahan sessiyasına media tur təşkil edilib. İmtahana universitetin birinci, ikinci və üçüncü kurslarında ali təhsil alan tələbələr qatılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetin tədris işləri üzrə prorektoru Qasım Məmmədov APA TV-yə açıqlamasında imtahanlara 3 saat vaxt ayrıldığını və bu il ilk dəfə olaraq media mənsublarının imtahana dəvət olunduğunu deyib. O bildirib ki, nəzarətçi müəllimlər əvvəlcədən hansı imtahanda iştirak edəcəyini bilmir: "Yalnız imtahan günü müəllim gəlib, imtahan qovluğunu götürüb auditoriyaya daxil olur. Tələbələr cavabları yazdıqdan sonra yazılar kodlaşdırılır. Müəllim xüsusi kamera ilə təchiz olunmuş auditoriyalara dəvət olunur və müəllimlər cavabları birgə yoxlayırlar. Yoxlamalar anonim aparılır. Qiymətləndirmədən sonra İT departamenti tərəfindən kodlar açıldıqdan sonra imtahanın yekun balı müəyyən olunur. Yekun bal elektron universitetdə yerləşdirilir. Tələbə öz kodu ilə hansı imtahandan neçə qiymət aldığını bilir".
Qasım Məmmədovun sözlərinə görə, imtahanda aldığı qiymətdən narazı qalan tələbə apelyasiya hüququndan istifadə edir. Apellyasiya komissiyası tələbənin şikayətini araşdırır. Yaz sessiyasında 20 tələbə apellyasiya verib. Bir neçə tələbənin şikayəti təmin edilib.