Donald Tramp: "Müsəlmanlara qarşı qəddar olmaq lazımdır"

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından faktiki namizəd Donald Tramp Floridada baş verən hadisəyə münasibət bildirib.

 

APA TV-nin Rusiya mediasına istinadən xəbərinə görə, o, bir daha müsəlmanların ölkəyə buraxılmasına qadağa qoyulmasının vacibliyini vurğulayıb.


"Baş verənlər hələ başlanğıcdır. Bizim hakimiyyət zəifdir və belə hadisələrə qarşı effektli mübarizə aparacaq gücdə deyil. Mən qadağaların tərəfdarıyam, qəddar olmaq lazımdır", - deyə o qeyd edib.


Xatırladaq ki, Orlandoda gey-klubda silahlı insident nəticəsində 50 nəfər ölüb. Bu Amerika tarixində bu cür kütləvi qətliamla bitən ən böyük silahlı hücumdur.


Rəsmi məlumatlara görə, hadisəni törədən şəxs əfqan əsilli, adı Ömər Martin olan ABŞ vətəndaşı, 29 yaşlı Florida sakinidir. Onun bu cinayəti düşünülmüş şəkildə törətdiyi bildirilir.
 

Prezident Obama xüsusi xidmət orqanlarına Ömər Martinin hər hansı terror qruplaşması ilə bağlılığının olub-olmadığının müəyyən edilməsi barədə xüsusi tapşırıq verib.


"Ölənlər bizim vətəndaşlarımızdır. İrqindən, milli mənsubiyyətindən, seksual oriyentasiyasından asılı olmayaraq, Amerika vətəndaşına edilən hücum bizim dövlətin dəyərlərinə qarşı qiymətləndirilir. İstənilən terror aktı bizi amerikalı edən dəyərləri heç vaxt dəyişdirə bilməz", - deyə Obama vurğulayıb.


Bu arada İŞİD cinayətin məsuliyyətini üzərinə götürüb.


 

Müəllif | Apa.Tv
Apa.tv