Bakıda iki nəfəri öldürən ömürlük məhbus azadlığa buraxıldı
Gürcüstan Ali Məhkəməsi ömürlük həbs cəzasına məhkum edilmiş Georgi Geladzenin işinə yenidən baxaraq onun azadlığa buraxılmasına qərar verib.
Bu barədə APA-ya hüquq müdafiəçisi Eldar Zeynalov bildirib. E.Zeynalovun sözlərinə görə, G.Geladze Azərbaycanda həbs olunub və 2011-ci ildə Gürcüstana təhvil verilib.
E.Zeynalov bildirib ki, G.Geladze Azərbaycanda 15 il məhkumluq həyatı yaşadıqdan sonra 2011-ci ildə vətəninə verilib. Orada məhkəmə 1996-cı ildə törətdiyi cinayətlərə görə ona 30 il həbs cəzası verib, sonra cəza 15 ilə endirilib.
E.Zeynalov deyib ki, G.Geladze 1997-ci ildə Bakıda iki nəfəri qətlə yetirib. Onlardan biri taksi sürücüsü, digər isə evində yaşadığı qadın olub.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü G.Geladze vaxtilə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı olub. O, 1996-cı ildə Gürcüstanda 3 nəfəri xüsusi qəddarlıqla qətlə yetirib. Həmin ilin dekabrında silahı ilə Azərbaycana keçib.
G.Geladze özü isə qeyd edib ki, bundan sonra fəaliyyətini hüquq müdafiəsi ilə məşğul olan QHT-lərdən birində davam etdirəcək.