Zaqatalada Qarabağ əlilləri və şəhid ailələrinə yeni evlər verildi
Zaqatalada 13 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
APA TV-nin məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, Zaqatala RİH başçısı Mübariz Əhmədzadə, müvafiq qurumlar və yeni mənzil alan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri iştirak edib.
Mərasimdə çıxış edən M.Əhmədzadə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının başlıca hədəflərindən olduğunu vurğulayıb. Tədbirdə bildirilib ki, rayonun şəhər ərazisi və kəndləri daxil olmaqla hazırda 21 fərdi mənzilin tikintisi davam etdirilir. Bu gün həmin mənzillərdən 13-nün açarı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Daha sonra yeni mənzillərə baxış keçirilib. Qeyd olunub ki, layihəyə uyğun olaraq 2 və 3 otaqdan ibarət mənzillər müasir istilik sistemləri ilə təmin olunub.