ABŞ: "Səudiyyə Ərəbistanının 11 sentyabr hadisələrində günahı yoxdur"

"ABŞ-da 2011-ci ilin 11 sentyabr tarixində baş verən terror hadisələri ilə bağlı hesabatın məxfi bölümündə Səudiyyə hökumətinin sözü gedən hadisələrdə əlinin olması ilə bağlı hər hansı sübut mövcud deyil".

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, belə bir açıqlama ilə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan əcnəbi kanallardan birinə müsahibəsi zamanı çıxış edib.

O deyib ki, komissiya Səudiyyə Ərəbistanının bu hadisələrə aidiyyəti olması ilə bağlı iddiaları diqqətlə araşdıraraq, bu istiqamətdə hər hansı dəlil və sübutların olmadığı qənaətinə gəlib. Hələ may ayında ABŞ Senatı 11 sentyabr hadisələrində həlak olmuş və ya sağ qalmış şəxslərin yaxınlarının Səudiyyə Ərəbistanına qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə iddia qaldırılmasına icazə verən qanun layihəsini yekdilliklə qəbul edib.

Layihə Nümayəndələr Palatasında səs toplayacağı və nəhayət, prezident Barak Obama tərəfindən imzalanacağı təqdirdə qüvvəyə minəcək.
 

Qeyd edək ki, 2001-ci ilin 11 sentyabrında ABŞ terror aktları seriyasından sarsılıb. Terrorçuların girov götürdükləri iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə çırpılması çoxsaylı insan tələfatı ilə nəticələnib. Bundan sonra rəsmi Vaşinqton tərəfindən Səudiyyə Ərəbistanının bu hadisələrlə bağlılığı ilə bağlı iddialar ortaya atılıb. Bir qədər öncə isə ABŞ məhkəməsi İran tərəfinin terror aktları zamanı həlak olanların ailələrinə 10,5 milyard dollar kompensasiyanın ödənilməsi haqqında qərar çıxarıb.

Müəllif | Apa.Tv
Apa.tv