“Sovetski”dən köçürülən daha 111 ailəyə yeni mənzillər verildi

Bu gün Bakı şəhəri Nərimanov rayonu Korloğlu Rəhimov küçəsi, 9 ünvanında yerləşən 9 mərtəbəli binanın açılış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, binadakı 1 otaqlı mənzillər “Sovetski”dən köçürülən azsahəli evlərdə yaşamış ailələrin və qeyri-yaşayış mülkiyyətçilərinin istifadəsinə verilib.

 

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, köçürmə işləri üzrə komissiyanın sədri Səməd İslamov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında 27 iyul 2015-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 98 a ünvanında “Sovetski”dən köçürülən sakinlərdən azsahəli mənzillərdə yaşayan ailələrə və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə sahəsi 45 kv. m olan 9 mərtəbəli, 2 bloklu və 2 otaqlı binada tamamilə rekonstruksiya olunmuş, hər bir kommunal şəraitlə təchiz edilmiş 104 mənzil istifadəyə verilib: "Bu gün isə 120 mənzilli bina istifadəyə verilir. Tədbirin şəffaf aparılması üçün püşk atma həyata keçirildi. Hər kəs öz mənzilinin nömrəsini bildi. Bu gün açarların təqdimatı oldu, açarlar verildi. Hələlik 111 mənzil sahibi püşkatmada iştirak edib. Komissiyaların gələcək iclaslarında qalan 9 ailənin də mənzillə təmin olunması məsələsi həyata keçiriləcək. 9 mərtəbəli yaşayış binasıdır. Onun bir mərtəbəsi qeyri-yaşayışdır".

 

Səməd İslamov nəzərə çatdırıb ki, buradakı mənzillər sakinlərin “Sovetski” adlanan ərazisində mövcud yaşayış sahələrindən 2-3 dəfə böyükdür.

 

Daha sonra  111 mənzilin açarları sakinlərə təqdim edilib. Bir şanslı sakinin mənzili isə mebellə təchiz olunub: "Sovetski"də olan balaca mənzillərin əvəzinə yaxşı təmirli binada olan mənzil almışam. Özü də mebellərlə təmin olunmuş mənzil. Sevinirəm, gördüm mənim payıma mebelli mənzil düşdü. Mən tək yaşayıram".

 

Müəllif | Apa.Tv
Apa.tv