Ərdoğan: "ABŞ-la münasibətlərimizin korlanmasının səbəbkarı Obamadır"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə ABŞ arasındakı münasibətlərin əvvəlki səviyyədə olmadığını deyib və bundan təəssüfləndiyini bildirib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, o qeyd edib ki, bu, Barak Obamanın prezident seçilməsindən sonra baş verib.
"Biz o zaman münasibətlərimizin əksinə, ən yüksək səviyyəyə çatacağına ümid edirdik, çünki Obama Ağ Ev rəhbəri olduqdan sonra ilk səfərini Türkiyəyə etmişdi. Təəssüf, biz yanılmışıq", - deyə o qeyd edib.
Ərdoğan Suriya və İraqda ABŞ-la İŞİD-ə qarşı mübarizənin lazım həddə aparılmadığını bildirib və bunda Vaşinqtonu günahkar bilib. O, Amerikanı Suriya kürdlərinə dəstək verməkdə təqsirləndirilib.
"Onlar Türkiyədə illərdir günahsız insanların qanını tökən PKK ilə əlaqədədirlər", - deyə Türkiyənin dövlət başçısı əlavə edib.
O deyib ki, Türkiyə NATO ölkəsidir və müttəfiqi bunu diqqətdə saxlamalıdır. Çünki Türkiyənin Suriya sərhədləri boyu ərazisi ciddi təhlükə qarşısındadır.