İran ABŞ-ı beynəlxalq məhkəməyə verir: Pulumuzu verin!
"Biz İrana məxsus əmlakın mənimsənilməsinin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etdik". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Tehranın ABŞ barəsində Haaqa Beynəlxalq Məhkəməsinə müraciət göndərməyə hazırlaşdığını bildirib.
Rəsmi Tehran hələ aprel ayında ABŞ Məhkəməsinin sözü gedən 2 milyard dolların 1983-cü ildə Beyrutda baş vermiş partlayış, eləcə də digər terror hadisələrindən əziyyət çəkən ailələrə kompensasiya formasında ödənilməsi haqqındakı qərarından sonra məsələni məhkəmə müstəvisinə daşıyacaqlarını açıqlayıb.
BMT-nin baş katibi Pan Gi Muna ünvanladığı məktubda Məhəmməd Cavad Zərif Tehranın bu addımlara adekvat tədbirlər görəcəyini bildirib. Hələ 2012-ci ildə Konqress "Citybank"ın dondurulmuş İran aktivlərinin Beyrutda baş vermiş terror aktı zamanı zərərçəkənlərə ödənilməsi haqqında qərar çıxarıb. Bu ilin aprelində ABŞ Ali Məhkəməsi həmin aktivlərin İranın Mərkəzi Bankına qaytarılması haqqında tələbi rədd edib. Öz növbəsində İran Parlamenti hökumətin üzərinə ABŞ-ın anti-İran addımları səbəbindən bu ölkədən kompensasiya tələb etmək vəzifəsi qoyub.
Qeyd edək ki, bu ilin martında Nyu-York məhkəməsi İran tərəfindən 11 sentyabr hadisələrindən zərər çəkənlərə 10,5 milyard dollar kompensasiya ödənilməsinə qərar verib. Bu məbləğin 7,5 milyardı ölənlərin ailələrinə, qalan hissəsi isə sığorta şirkətlərinə ödənilməlidir. Xatırladaq ki, 11 sentyabr 2011-ci ildə baş vermiş terror hücumları nəticəsində 3000 nəfər həlak olub.