İsmayıllıda təbii fəlakətin vurduğu ziyanla bağlı ilkin məlumat açıqlandı
İsmayıllıda güclü selin yaratdığı təbii fəlakətin nəticələrinin aradan qaldırılır.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev APA TV-nin yerli bürosuna bildirib ki, iyunun 12-də sel sularının rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağını aşırması nəticəsində 15 kəndə elektrik enerjisinin verilişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində kəndlərə qaz verilişi dayanıb.
Hazırda kəndlərin elektrik enerjisi və təbii qazla təminatı üçün tədbirlər davam etdirilir. Qarakolluq kəndində 4, Kürdmaşı kəndində 3 körpü və kəndarası yollar dağılıb. Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi zərər dəyib, sel suları nəticəsində mal-qara tələfatı var. İlkin hesablamalar görə ümumilikdə 500 hektar taxıl sahəsi, 50 hektar sahədə tərəvəz və bostan məhsulları, 30-a yaxın iri və xırda buynuzlu heyvan, 30-dan çox arı ailəsi, 2000-dən çox ev quşları tələf olub.
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir. Təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür, sakinlərlə yerlərdə görüşlər keçirilir və vətəndaşlara yardımın göstərilməsi nəzərdə tutulur. Sel sularından ziyan çəkən vətəndaşlara dövlət qurumları ilə yanaşı, iş adamları da şəxsi vəsaitləri hesabına maddi yardımlar göstərirlər. Sel səbəbindən dağılan evlərin təmir edilməsi, mal-qarası tələf olan sakinlərə maddi yardımın göstərilməsi nəzərdə tutulur.