İrlandiya millisi avtoqol üzündən qələbəni əldən verdi
İrlandiya millisi Avropa çempionatının qrup mərhələsindəki ilk oyunda İsveç yığması ilə sülhlə ayrılıb. APA TV-nin məlumatına görə, qarşılaşma Parisdəki “Stad de Frans” stadionunda keçirilib.
Oyunun ilk hissəsi irlandların üstünlüyü ilə keçib. İrlandiya millisi qol üçün bir neçə real vəziyyət yaradıb.
İkinci hissənin əvvəlində Martin O’Nilin komandası hesabı açıb. “Everton”un müdafiəçisi Şeymas Koulmenin cərimə meydançasına ötürməsini Ues Hulehen qola çevirib.
Buraxılan qol Erik Xamrenin yetirmələrini oyunda dönüş yaratmağa vadar edib. İsveç millisi bir dəqiqə ərzində iki qol şansı yaratsalar da, bundan yararlana bilməyiblər.
71-ci dəqiqədə uğur skandinaviyalıların üzünə gülüb. Zlatan İbrahimoviçin cinahdan qapı önünə doğru zərbəsindən sonra İrlandiya millisinin müdafiəçisi Kiren Klark topu öz qapısından keçirib.
Bundan sonra komandaların qələbə səyləri nəticə verməyib.