Belçika millisi sensasiya yarada bilmədi

İtaliya millisi futbol üzrə Avropa çempionatının ilk turunda Bekçika yığmasını məğlub edib. APA TV-nin məlumatına görə, Lionda keçirilən qarşılaşma italiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Birinci hissə Belçika millisinin üstünlüyü ilə keçib. Lakin hesabı İtaliya yığması açıb. 32-ci dəqiqədə Leonardo Bonuççi meydanın mərkəzindən 30-35 metr irəliyə ötürmə edib. Emanuele Cakkerini topu qapıçı Tibo Kurtuanın yanından qapının uzaq küncünə göndərib.

 

İkinci hissə qarşılıqlı hücumlarla keçib. Belçika millisi bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsa da, yaranmış şansları qola çevirə bilməyib. Əvəzində İtaliya millisi oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə hesab arasındakı fərqi artırıb. Antonio Kandrevanın ötürməsindən sonra Qraçiano Pelle var gücü ilə topu qapıdan keçirib.

 

Beləliklə, İtaliya millisi 3 xal toplayıb və E qrupunda liderdir. İrlandiya və İsveç millilərinin hərəyə 1 xalı var. Bukmekerlərin favorit saydığı Belçika millisinin isə hələlik xalı yoxdur.

 

Müəllif | Apa.Tv