Parisdə İŞİD üzvü polisi və həyat yoldaşını evində öldürdü

Fransanın paytaxtı Parisin yaxınlığındakı İvelens şəhərciyində polis rəisinin evinə silahlı basqın olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, silahlı şəxs əvvəlcə polis əməkdaşına bıçaqla hücum edib və qarın nahiyəsinə bir neçə zərbə endirərək onu qətlə yetirib.

 

Daha sonra o, ölən polisin həyat yoldaşı və 3 yaşlı oğlunu girov götürüb. Hadisə yerinə gələn xüsusi təyinatlılar əməliyyata başlayıblar. Cinayətkar əməliyyat zamanı öldürülüb. Evə daxil olan polis əməkdaşları qadının meyitini aşkar ediblər. 3 yaşlı oğlan uşağı isə sağ qalıb.

 

Fransanın daxili işlər naziri Bernar Kaznev artıq hadisə ilə bağlı açıqlama verib.

 

Polisi və həyat yoldaşını qətlə yetirən kişi öldürülməmişdən əvvəl İŞİD-lə əlaqəsi olduğunu bəyan edib.

 

Xatırladaq ki, hazırda Fransada futbol üzrə Avropa çempionatı keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv