OPEK may ayının hesabatını açıqladı: hasilat azaldılıb

OPEK aprel ayına nisbətdə mayda gündəlik hasilatın həcmini 100.000 barel azaldaraq, bu göstəricini 32,36 milyon barel səviyyəsində müəyyən edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu məlumat qurumun iyun ayı üçün açıqladığı hesabatında yer alıb. Bununla da təşkilat özünün müəyyən etdiyi 30 milyon barel günlük hasilat kvotasını aşmaqda davam edib.

 

Sənədə əsasən Küveyt, İran və Səudiyyə Ərəbistanında neftin hasilat göstəricisi artdığı halda, Nigeriya, Venesuela və İraqda isə azalma müşahidə olunub. Bu arada OPEK ekspertləri 2016-cı ildə neftə olan gündəlik tələbatın 1,8 milyon barel artaraq, 31,5 milyon təşkil edəcəyi istiqamətində proqnoz açıqlayıb. 2015-ci ildə isə bu göstərici 29,7 milyon barel təşkil edib. İlkin hesablamalara görə, may ayında dünyada neftin günlük hasilat həcmi aprellə müqayisədə 0,73 milyon barel azalaraq, 94,51 milyon barel olub.

Bununla belə, OPEK-ə üzv olmayan dövlətlərdən gündəlik ixrac həcmində də 0,63 milyon barel səviyyəsində geriləmə müşahidə edilib. Belə ki, hesabata əsasən bu göstərici hazırda 0,1 milyon barel səviyyəsindədir. OPEK-in dünya üzrə hasilat payına gəlincə isə, əgər ötən ay bu rəqəm 34 faiz idisə, indi 34,2 faiz təşkil edir.

Müəllif | Apa.Tv
Apa.tv