İrəvan Teatrı “Qurtuluş” tamaşası ilə Lənkəranda çıxış edib

İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppası respublikamızın cənub bölgəsinə qastrol səfərinə gəlib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, yaradıcı kollektiv iyunun 13-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Qurtuluş” tamaşası ilə çıxış edib.

 

Əməkdar mədəniyyət işçisi, şair-dramaturq, teatrın direktoru İftixar Piriyevin “Qurtuluş dastanı” tarixi dramı əsasında hazırlanmış tamaşa 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, yerli icra strukturları rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin böyük maraqla tamaşa etdikləri səhnə əsərində ümummilli lider Heydər Əliyevin bədii obrazını teatrın direktoru İftixar Piriyev canlandırıb. Digər rolları əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Əhliman Ərşadlı və Əmirulla Nurullayev ifa ediblər.

 

Qeyd edək ki, teatr növbəti günlərdə bu tamaşa ilə cənub bölgəsinin digər rayonlarında da çıxış edəcək.

Müəllif | Apa.Tv
Apa.tv