Rusiyadakı miqrantlara XƏBƏRDARLIQ: küçəyə çıxmayın!
Rusiya Miqrant Federasiyasının prezidenti Məhəmməd Amin miqrantlardan ictimaiyyətə açıq yerlərdən uzaq gəzməyi və iğtişaşlar bitənə qədər hadisənin baş verdiyi bölgəyə getməməyi istəyib.
Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Brulyova rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və meyvə-tərəvəz bazarına hücum edib. “Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüblər. APA TV-nin Moskva müxbiri Fərid Əkbərovun verdiyi məlumata görə, paytaxtın müxtəlif bölgələrində bu tip iğtişaşların ola biləcəyi barədə xəbərdarlıq edən huquq mühafizə orqanları miqrantlar və xarici vətəndaşlara ictimaiyyətə açıq yerlərdə olmamağı tövsiyyə edib: "Neçə vaxtdır, sakitcilik idi Moskvada, indi isə onların əlinə bəhanə düşdü".
Moskva müxbirimizin sözlərinə görə, hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed” lər polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
İğtişaşların baş verdiyi Brulyova rayonunda xeyli sayda azərbaycanlı yaşayır. Onlar arasında xəsarət alanlara gəlincə, Fərid Əkbərov bunları dedi: "Yox, dünən biz hadisə yerində olduq, döyülənlər arasında azərbaycanlı yoxdur. Bazarda işləyənlər əsasən, orta asiyadan olanlardır".
İğtişaşlar nəticəsində 380 nəfərdən çox rus milliyyətçisi saxlanılıb. Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan Pokrov bazarı da bu rayonun ərazisində yerləşir. Həmin bazarda minlərlə azərbaycanlı çalışır.