Oqtay Əsədov: "İran necə siyasət aparacaqsa, Azərbaycandan adekvat cavab alacaq"

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində növbədənkənar plenar iclası başlayıb. APA TV-nin məlumatına görə, iclas Dövlət Himninin oxunması ilə açılıb.

 

Gündəliyə 28 məsələ daxil edilib. İclasda “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir.

 

İclasda Azərbaycanla İran arasında imzalanan bir neçə saziş müzakirəyə çıxarılıb. Millət vəkili Zahid Oruc “Azərbaycan hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən hazırda İran və Ermənistan arasında münasibətlərin strateji səviyyəyə qaldırılmasına, viza rejiminin ləğvinə, İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərə hazırlaşmasına diqqət çəkib: “Mən Həsən Ruhaninin Ermənistana səfərə gedib-getməməsi barədə məsləhət vermək istəmirəm. Ancaq dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olduğu kimi münasibət görmürük”.

 

Sədr Oqtay Əsədov Z.Orucu hər yazılan yazıya inanmamağa çağırıb: “Mən inanmıram ki, Həsən Ruhani Ermənistana səfər etsin”.

 

Millət vəkili Fazil Mustafa isə bildirib ki, saziş təsdiq edildikdən sonra İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak təklif olunmalıdır: “İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır, ancaq Azərbaycan aprel savaşında işğalçı Ermənistana bu silahlarla zərbə endirdi. Biz İranın Azərbaycan siyasətinin dəyişəcəyinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İranın tarixi ənənəsi odur ki, Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran Azərbaycan adına qarşı çıxıb, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq. Parlament tribunasından bu məsələnin səsləndirilməsi vacibdir”.

 

Oqtay Əsədov da İranla bağlı bəzi məsələlərin həllini tapmalı olduğunu söyləyib: “Ancaq İran parlamentində Azərbaycanla bağlı bu cür çıxış etmirlər. Məsələlərin öz həlli yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır”.

 

Millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycanın torpaqlarını işğal edən Ermənistanı ən yaxın müttəfiqi adlandırdığını xatırladıb: “İran rəsmiləri söhbətlərində bildirirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz? Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, İsraildən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlasın? Hesab edirəm ki, şeyxülislam Allahşükür Paşazadə İranın dini liderinə müraciət etməlidir ki, İran əli Azərbaycan uşaqlarının, qadınlarının, qocaların qanına batmış Serj Sarkisyanın əlini necə sıxır? Qarabağda məscidlərimizin çoxu donuzxanaya çevrilib, biz niyə buna qarşı susmalıyıq?”

 

Dövlətlərarası münasibətlərin maraqlara əsaslandığını söyləyən deputat Səyavuş Novruzov İranda 39 milyon azərbaycanlının yaşadığını vurğulayıb: “39 milyon azərbaycanlı haqqını tələb edə bilmir, 9 milyon azərbaycanlı onların haqqını tələb edəcək? İranda dövlət qurumlarında, orduda yüksək vəzifədə çalışan azərbaycanlılar deyir ki, niyə bizim işimizə qarışırsınız, İran bizim dövlətimizdir. İran-İraq müharibəsində 1 milyon azərbaycanlı iştirak edib, o azərbaycanlılardan 20 mini də Qarabağda döyüşəydi, təcrübələrini bölüşəydilər. Yoxsa hansı dövlətin kimi rəsmi səfərə dəvət etməsi o dövlətin öz işidir. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əlyiev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə edilə bilməz. Biz qarşı tərəfdən də belə səmimi münasibət gözləyirik. Ümumiyyətlə, Ermənistan istisna olmaqla, öz qonşularımız haqqında danışanda ehtiyatlı olmalıyıq”.

 

Millət vəkili Elman Nəsirov bütövlükdə İranı ittiham etməyin düzgün olmadığını söyləyib. Qənirə Paşayeva əhalisinin yarısı azərbaycanlı olan İranın Ermənistanla münasibətlərdə həssas davranmasını gözlədiklərini bildirib: “Biz İran rəsmilərinin Azərbaycanın daxili işlərinə qarışmamasını, eləcə də Ermənistanla bağlı məsələdə İrandan fərqli addımlar atmasını gözləyirik. İrandakı azərbaycanlıların sayına və İranın dövlət ideologiyasına görə rəsmi Tehranın işğalçı Ermənistanla münasibətlərində fərqli davranmasını gözləməyimiz təbiidir”.

 

Sədr Oqtay Əsədov isə deputatların çıxışlarında eyni fikirlərin səsləndiyini bildirib: “Bütün bunların hamısı bizim bildiyimiz məsələlərdir. Mən də çox şeyləri xırdalaya bilərəm. Hamımızın bildiyi məsələlərin üzərində sabahdan bəri danışırıq. Bunlar nəyə lazımdır, bunu bitirək”.

 

Sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv