Masallıda yeni məhkəmə binasının təməli qoyuldu

İyunun 14-də Masallı Rayon Məhkəməsinin müasir inzibati binasının təməlqoyma mərasimi keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, habelə bölgənin hakimləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi barədə məlumat verərək, son illər regionlarda Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində 11-dək yeni məhkəmə binasının tikilib istifadəyə verildiyini və hazırda daha 10 məhkəmə üçün yeni inzibati binaların tikintisinin davam etdirildiyini diqqətə çatdırıb.

 

Bildirilib ki, ümumi sahəsi 3700 kvadratmetr olan Masallı Rayon Məhkəməsinin ikimərtəbəli yeni binasında hakim otaqları, iclas zalı, konfrans zalı, arxiv, məhkəmə zalı olacaq.

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda gedən abadlıq-quruculuq işlərindən danışaraq, respublikamızın hərtərəfli inkişafına, məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısına rayon ictimaiyyəti adından minnətdarlığını çatdırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv