Siyavuş Novruzov: "Cəmil Həsənli Azərbaycan qayıtmayacaq" - AÇIQLAMA

“Cəmil Həsənli Azərbaycandan gedib. Bizə qabaqcadan da bəlli idi ki, Cəmil Həsənli ona verilən tapşırığı yerinə yetirdikdən sonra aradan çıxacaq”.

 

Bunu APA-ya Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

Siyavuş Novruzov qeyd edib ki, C. Həsənli müəyyən dairələrin maraqlarını burada təmsil edib: “Böhtan xarakterli, erməni mənbələrinə istinad olunan məlumatları Azərbaycan cəmiyyətinə sırımaqla məşğul oldu. Bunu Azərbaycan xalqı da başa düşdü ki, onun seçki kampaniyası şər, böhtan xarakteri daşıyır. Seçkinin nəticəsi göz qabağındadır. Xalq İlham Əliyevi seçdi, dəstəklədi və növbəti beş il üçün ölkənin prezidentini müəyyənləşdirdi. Bu baxımdan artıq Cəmil Həsənlinin başqa variantı qalmadı. O, Azərbaycana qayıtmayacaq”.

 

YAP funksioneri C. Həsənlinin bir daha Azərbaycana qayıtmayacağını belə əsaslandırıb: “Birincisi, nəzər salsaq, görərik ki, onun ətrafındakıların heç biri Azərbaycanda yaşamır, hamısı xaricdədir. Yalnız özü burda idi, o da getdi. Yüz faiz qayıtmayacaq”.

 

S. Novruzovun sözlərinə görə, C. Həsənli Avropada erməni qüvvələrindən istifadə edərək Azərbaycanın haqq işini müdafiə edən bəzi qurumları, təşkilatları şantaj edəcək: “Çünki Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in digər strukturları, o cümlədən ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin ədalətli, azad, demokratik və şəffaf olduğunu bəyan edib”.

 

S. Novruzov müxalifətin yanıldığını da qeyd edib.

 

 

Müəllif | Apa.Tv