Heydər Əsədov: "Fermerlərə köməklik nəzərdə tutulmur"
Kənd Təsərrüfatı Nazirliyi ölkənin bir sıra rayonlarında güclü yağışlar nəticəsində əkin sahələrinə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı işlər aparır.
APA TV-nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Onun sözlərinə görə, zərərin konkret həcmi barədə danışmaq hələ tezdir: "Müəyyən fəsadlar var. Bəzi yerlərdə güclü leysan nəticəsində taxılın yatması ilə bağlı məlumatımız var. Amma faciə doğuran ciddi hadisə baş verməyib. Əsasən İsmayıllıda və bir neçə rayonda 100 hektar taxılın yatması ilə bağlı məlumat artıq dəqiqləşdirilib. Zərəri düşünürüksə, bu işin xeyir tərəfini də nəzərə almalıyıq. Çünki bu yağış yemçiliyin inkişafına, yeni əkilmiş pambıq sahələrində çıxışın alınmasına olduqca müsbət təsir də göstərib. Balansın aktivinə və passivinə baxsaq, bu o qədər ciddi ziyan hesab olunmur".
Nazirin sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət kompensasiyasının verilməsi nəzərdə tutulmayıb: "Kömək nəzərdə tutulmur. Onlar hamısı sığortalanmalıdır. Müasir metodları öyrənmək lazımdır. Dövlət kifayət qədər stimullaşdırıcı tədbirlər və güzəştlər verir. Bundan sonra da hər hansı fors-major halları üçün dövlət güzəşti yalnız sığorta mexanizmi ilə nəzərdə tutulur. Sığortanın 50 faizini dövlət qarşılayır. Hər kəs öz təsərrüfatının qayğısına qalmalıdır. Onu müxtəlif hadisələrdən sığortalamalıdır".
Xatırladaq ki, bu gün Saatlıda Kənd Təsərrüfatı Nazirliyinin regional idarəsi açılıb.