Bakıda şirkət rəhbərini və anasını öldürən şəxs: "İçimə şeytan girdi..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri Aleksandr Məhərrəmov və anası Janna Məhərrəmovanı qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Ruhin Allahverdiyev özünü qismən təqsirli bilib.

 

O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs bildirib ki, qətli törədən zaman özündə olmayıb. Ruhinin Aleksandrla tanışlığı dostu Rəşad Abbasovun vasitəçiliyi olub. Bir qədər sonra Aleksandrın evində təmir işləri görməyə başlayıb. O, bir neçə müddətdən sonra Aleksandrdan görəcəyi işin pulunun bir hissəsini alsa da, vəd etdiyi işləri başa çatdırmayıb.

 

Ruhin Allahverdiyev hadisə günündən danışıb. Bildirib ki, həmin gün pul almaq üçün Aleksandr Məhərrəmovun yaşadığı evə gedib. Qapını Aleksandrın anası açaraq, təmir işlərini bitirmədiyi üçün ona etirazını bildirib. Bundan sonra aralarında mübahisə yaranıb: "Mən onlardan sakit olmalarını xahiş elədim. Aleksandr əl-üzünü yumağa getdi. Anası telefonla zəng eləməyə getdi. Psixologiyam çox pozuldu, təmir üçün özümlə gətirdiyim olan sellofana yaxınlaşdım. Çəkicin qulpu çöldəydi. Heç sellofandan çıxarmadım. Sanki içimə şeytan daxil oldu. Gözlərim qaraldı". R.Allahverdiyev özü ilə gətirdiyi küt alətlə əvvəlcə Janna Məhərrəmovanın başına zərbələr endirməyə başlayıb. Zərbənin təsirindən qadın müvazinətini itirərək yerə yıxılıb. Ardınca hamam otağındakı Aleksandr Məhərrəmova yaxınlaşan R.Allahverdiyev ona da 4-5 ardıcıl zərbə endirib.

 

Bundan sonra o, A.Məhərrəmova məxsus, içərisində 200 manat olan pulqabı, qadının çantasından isə evin açarlarını götürərək, hadisə yerini tərk edib.

 

Məhkəmə prosesi iyunun 17-də davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv