NATO Şərqi Avropada yeni batalyonlar yerləşdirəcək
NATO-nun 2017-ci ilin əvvəlində Şərqi Avropada özünün dörd çoxmillətli batalyonunu yerləşdirməsi mümkündür.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu təşkilatın yüksək vəzifəli şəxslərindən biri deyib.
Mənbənin sözlərinə görə, bununla bağlı müvafiq qərarın alyansın Varşavada keçiriləcək sammitində veriləcəyi gözlənilir. Eyni zamanda o, bu prosesin son dərəcə mürəkkəb olduğuna da diqqət çəkib. Sözü gedən batalyonların Latviya, Litva, Estoniya və Polşada cəmləşdirilməsinin nəzərdə tutulduğu da bildirilib.
Qeyd edək ki, mayın sonunda NATO-nun baş katibi Yens Stoltenberq Varşava sammitində təşkilatın Şərqi Avropada mövcudluğu məsələsi ilə bağlı müəyyən qərarların qəbul ediləcəyini də diqqətə çatdırıb.