Bakıda "Qan Bizi Birləşdirir" adlı donor tədbiri keçirildi

14 İyun - Ümumdünya Qan Donorları Günü kimi qeyd olunur. APA TV-nin xəbərinə görə, bu münasibətlə Layf İctimai Birliyi Respublika Qızıl Aypara Cəmiyyəti ilə birlikdə "Qan Bizi Birləşdirir" şüarı adı altında tədbir keçirib.

 

Tədbirdə çıxış edən Cəmiyyətin rəyasət heyətinin üzvü Mətanət Məhərrəmova bildirib ki, göstərdikləri fəaliyyətlər içərisində prioritet sahələrdən biri də qan donorluğu və onun inkişafıdır. Son zamanlar bu sahədə geniş təbliğat işləri görülür: "Gördüyümüz təbliğat işləri son illər daha çox vüsət alıb. Bütün şəhər və rayon bölmələrində qan donorları ilə bağlı müəyyən təbliğat işləri görülür. İl ərzində bölmələrimizdə qanvermə aksiyaları keçirilir. Bizim məqsədimiz donorlarımıza öz minnətdarlığımızı bildirməkdir. Mən bütün donorlara, təbliğat işi aparan bütün təşkilatlara öz minnətdarlığımı bildirirəm".

 

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə məqsədlərinin insanları donorluğa cəlb etməkdən ibarət olduğunu deyib. O, əlavə edib ki, bu işdə  maarifləndirmə mütləqdir: "Ən sağlam donorluq təmənnasız qan donorudur. Digər insanlara bu qan köməklik edir. Doğrudan da insanlar mütləq birləşməlidirlər ki, digərlərinə köməklik etsinlər. Dünyada qan yığılır və  hər ölkənin heç olmasa 1 faizi qan donoru olursa, onda lazım olan və tələb olunan qan donor ehtiyatı dolur. Bizim ölkədə heç onun yarısı qədər də deyil. Səbəb isə maariflənmədədir. İnsanlar bilmir ki, birincisi, mən qan donoru olsam, digər insana yardım edib onun həyatını xilas edə bilərəm. İkincisi, insanlar bilməlidir ki,  mən donor olanda digər insanlara yox, özümə də bir xeyrim var. Mənim sağlamlığımda xeyrim var".

 

Layf İctimai Birliyinin qurucusu Mustafa Abbasbəyli isə bildirib ki, son dövrlər könüllü qan donorlarının sayında artım müşahidə edilir. Qan donorları daha çox kişilərdir: "İrsi qan xəstəlikləri çox ciddi xəstəliklərdir. Bunun müalicəsi digər xəstəliklərlə müqayisədə çox bahalıdır. Bu baxımdan xüsusilə uşaqlar irsi qan xəstəliklərindən çox əziyyət çəkirlər. Biz də Layf İctimai Birliyi olaraq xüsusi olaraq könüllü donorluğun inkişafı istiqamətində öz fəaliyyətimizi qurmuşuq. Bu sahədə çalışırıq ki, tez-tez tədbirlər keçirək. Mütəmadi olaraq qan aksiyaları təşkil edirik. Eyni zamanda Mərkəzi Qan Bankı ilə birlikdə müəyyən miqdarda qan toplayıb Mərkəzi Qan Bankına təhvil veririk".

 

Daha sonra irsi qan xəstəliklərindən əziyyət çəkənlərin valideynləri könüllü qan donorlarına öz təşəkkürlərini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv