FHN Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Heydər Əliyev məktəbi”nin lektoriyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, əvvəlcə Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış  abidənin önünə gül dəstələri qoyulub, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.

 

Dövlət himninin səslənməsi ilə başlanan toplantıda çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olub. Elə ona görə də ulu öndərin siyasi hakimiyyətə yenidən qayıtdığı gün - 1993-cü ilin 15 iyun tarixi haqlı olaraq Milli Qurtuluş Günü adlanır. 

 

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov qeyd edib ki, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın gələcək tarixinin, xalqın taleyinin müəyyənləşdirilməsində həlledici rol oynayıb. Bu gün də ulu öndərin siyasi kursunun alternativsiz davamçısı, ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan mədəniyyətinin daha da inkişafı üçün geniş perspektivlər açılıb.

 

Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın inkişafı və sosial sahədə həyata keçirdiyi islahatlardan bəhs edib.

 

Müəllif | Apa.Tv
Apa.tv