Qənirə Paşayeva: "Gənclərin elm dalınca getməməsinin bir səbəbi də maddi imkansızlıqdır"

"Tələbələr üçün nəzərdə tutulan təhsil kreditlərindən onların normal yararlanması üçün kreditin şərtləri dəqiqləşdirilməlidir. Bir nüans da nəzərə alınmalıdır ki, xarici ölkələrdə banklar ali təhsil müəssisəsinin tələbələrinə kredit ayırmağa maraqlıdır ki, həmin tələbələr məzun olduqdan sonra özlərinə iş tapa bilsinlər". Bu sözləri APA TV-yə müsahibəsində millət vəkili Qənirə Paşayeva bildirib.

 

"Gənclərin ali təhsil alması, özəlliklə aztəminatlı ailələrin uşaqlarının ali təhsildən kənarda qalmasına imkan verilməməsi üçün təhsil kreditinin verilməsi çox vacib amildir. Biz də bu məsələni Milli Məclisə dəfələrlə qaldırmışıq. Çox yaxşı haldır ki, Təhsil Nazirliyi tərəfindən bu addım atılır və tələbələrə təhsil kreditlərinin verilməsi reallaşdırılacaq. Hazırkı vəziyyətdə bu addım ən yaxşı çıxış yollarından biridir. Amma gələcəkdə təhsil kreditlərinin sferasını genişləndirməliyik. Bu istiqamətdə mühüm addımlar atılmalıdır ki, gənclərin çox hissəsi bundan yararlana bilsin" - deyə o qeyd edib.

 

Millət vəkili bildirib ki, gənclərin elm dalınca getməməsinin səbəblərindən biri də maddi imkanlarla bağlıdır. Halbuki kəndlərdə, rayonlarda onlarla kasıb, imkansız ailələrin istedadlı uşaqları var.

 

Kreditlərin qaytarılma məsələsinə gəldikdə isə, Qənirə Paşayeva deyir ki, təhsil kreditlərinin qaytarılması müddəti hər bir ölkənin spesifikliyindən və digər şərtlərdən asılı olaraq müxtəlifdir. "Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq, təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilərik" deyən millət vəkili hesab edir ki, bu gün bəzi bankların qısa müddətə verdiyi təhsil kreditləri yüksək faizlidir və bu istiqamətdə problemlər həll edilə bilməz: "Kreditlər müəyyən olunmuş zaman çərçivəsi üçün nəzərdə tutulur. Bu zaman çərçivəsində də təhsil kreditləri alan gənclərin ailələri bunu qaytarır. Amma burda çox ciddi məqamlardan biri gənclərin işlə təmin olunması məsələsidir. Bu istiqamətdə imkanların genişləndirilməsinə ehtiyac var. Bu, üzərində düşünüləcək ciddi bir məsələdir. Çünki bu gün həm oxuyub, həm də işləmək niyyətində olan gəclərimiz daha çoxdur. Bunun üçün ƏƏSMN-in yanında Dövlət Məşğulluq Xidməti vakant yerlərin olması ilə bağlı yarmarkalar keçirir. Belə layihələrin gerçəkləşməsi ilə tələbələrin də təhsil adlıqları müddətdə işlə təmin olunmasını gerçəkləşdirmək olar"

 

Beynəlxalq təcrübəyə diqqət çəkən Qənirə Paşayeva vurğulayıb ki, təhsil kreditləri Moldovada 7 ildən 10 ilə qədər, Qazaxıstanda 15, Norveçdə 20, ABŞ-da isə 30-40 il müddətinə qaytarılmaq şərti ilə verilir. Amma həm kommersiya, həm də sosial xarakterli təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarılması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Apa.tv