İngiltərə Avropa İttifaqı ordusuna qarşı çıxdı
İngiltərə Avropa İttifaqının ordu yaratmaq istiqamətindəki istənilən cəhdini əngəlləyəcək.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri krallığın müdafiə naziri Maykl Fellon səsləndirib.
O, həmçinin NATO-nun Şərqi Avropa ölkələrindən birində yerləşdirəcəyi dörd batalyondan birinin İngiltərə tərəfindən göndəriləcəyini də bəyan edib. M.Fellon deyib ki, ingilis hərbçiləri eyni zamanda rotasiya da həyata keçirəcəklər ki, bu da hərbi bazanın yaradılması anlamına gəlmir.
İngiltərənin Avropa İttifaqını tərk etməsi ehtimalına da münasibət bildirən müdafiə naziri bu faktın Qərb ölkələrinin təhlükəsizliyinə ciddi maneə yaradacağını bildirib.
Qeyd edək ki, Şərqi Avropada NATO qüvvələrinin yerləşdirilməsi ilə bağlı qərarın 8-9 iyul tarixlərində alyansın Varşavada keçiriləcək sammitində qəbul ediləcəyi gözlənilir. İngiltərənin Avropa İttifaqında qalması məsələsi isə iyunun 23-də ölkə üzrə referenduma çıxarılacaq.