Özbəkistan sərhədlərini bağladı - SƏBƏB
Özbəkistan sərhədlərini bağlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistandan gələn vətəndaşlar və nəqliyyat vasitələri ölkəyə buraxılmır.
Rəsmi Daşkəndin bu qərarı iyunun 15-dən 25-ə qədər qüvvədə olacaq. Qadağa adı çəkilən ölkələrdən gələn yük maşınlarına da tətbiq olunur. Qərar yalnız Özbəkistan sərhədləri daxilində yerləşən, amma Qırğızıstan ərazisi olan Barak Kara Suuy rayonunun Oş şəhərinin vətəndaşlarına şamil edilmir.
Xatırladaq ki, Özbəkistan adı çəkilən dörd ölkədən əlavə, Əfqanıstanla da həmsərhəddir.
Qeyd edək ki, 23-24 iyun tarixlərində Özbəkistan paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti keçiriləcək. Polis xüsusilə Daşkənddə gücləndirilmiş iş rejiminə keçib, nəqliyyatın hərəkəti həmin günlər ərzində məhdudlaşdırılacaq.