Obama Trampı yenə tənqid etdi: "Əl-Qaida" və İŞİD-in İslama dəxli yoxdur"
ABŞ prezidenti Donald Trampı kəskin tənqid edib. APA TV-nin "The New York Times"a istinadən xəbərinə görə, Barak Obama Orlando faciəsindən sonra Amerika prezidentliyinə faktiki namizəd olan milyarderin söylədiyi fikirlərə və onu istefaya çağırmasına münasibət bildirib.
Obama deyib ki, Trampın müsəlmanlara qarşı aqressiv ifadələr işlətməsi və onların ölkəyə buraxılmasına qadağa qoyulmasını tələb etməsi ABŞ-a yalnız problemlər qazandıra bilər.
"Bu ayrı-seçkilikdir və əlavə problemlərə səbəb ola bilər ki, bu da bizə terrora qarşı mübarizədə mane ola bilər", - deyə o qeyd edib.
Orlando hadisəsinin törədilməsini bir daha qətiyyətlə pisləyən Obama bildirib ki, dini mənsubiyyətindən asılı olmayaraq, hadisəni Amerika vətəndaşı törədib. Amma ABŞ-da heç vaxt radikallığın əl-qol açılmasına imkan verilməyəcək: "Əslində Trampın "müsəlmanlara qarşı qəddar olmaq lazımdır" sözləri daha təhlükəlidir. Çünki nə "əl-Qaida", nə də İŞİD-in İslama heç bir aidiyyəti yoxdur".
Ağ Ev rəhbəri Trampın bu sözlərini Amerikanın gələcəyi üçün təhlükəli olduğunu deyib.
"Biz amerikalı müsəlmanlara qarşı ayrı-seçkilik edirik? Biz onlara dini mənsubiyyətlərinə görə yuxarıdan aşağı baxırıq? Xeyr. Amma respublikaçıların namizədinin danışıqlarından görünür ki, onlar bunları etməyə hazırdırlar", - deyə Obama vurğulayıb.
ABŞ prezidenti bildirib ki, o, heç vaxt "radikal islam" ifadəsini işlətməyib və işlətməyəcək.
"Biz bəzilərinin dediyi kimi davransaq, o zaman terrorçuların əlinə oynamış olarıq", - deyə Ağ Ev rəhbəri əlavə edib.