Bu gün 300-dən çox məhbus azadlığa buraxıldı
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qanunun iyunun 15-də icrasına başlanılıb.
Qeyd edək ki, ümumilikdə 10 min məhkum amnistiya aktının təsiri altına düşəcək, onlardan 3 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad ediləcək.
APA TV-nin çəkiliş qrupu Qaradağ rayonunda yerləşən 12 və 14 saylı cəzaçəkmə müəssisələrində olub. Bildirilib ki, amnistiya aktı haqqında qanunun icra müddəti dörd aydır. Qanunun icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatı, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək.
Cəlal Məmmədov, azad olunan şəxs: "1 ildir burdaydım, 3 il 2 ay çıxardıram özümlə. Allah prezidentimizin canını sağ eləsin, neçə-neçə ailələri sevindirirlər".
Ruslan Mahmudov, azad olunan şəxs: "1 il 7 aydır cəza çəkirdim. 4 ay 18 gün aparıram özümlə".
Qeyd edək ki, 12 saylı cəzaçəkmə müəssisəsindən 17, 14 saylı cəzaçəkmə müəssisəsindən isə 19 məhbus amnistiya aktının təsiri altına düşüb.
Amnistiya tətbiq olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər amnistiya şamil olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı, layiqli vətəndaş olacaqlarına əminliklərini bildiriblər.
Zaur Osmanov, azad olunan şəxs: "Bütün dustaqların azad olunmasını arzu edirəm. Bu şans hər kəsə bir dəfə verilir. Bizə də şamil olundu. Bu bayram günündə bizi sevindirdilər".
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində amnistiya aktının əhatə etdiyi şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.
Qeyd edək ki, bu gün ümumilikdə 300-dən çox şəxsin cəzaçəkmə müəssisələrindən azad olunacağı gözlənilir.