NATO Ukraynaya yeni yardım paketini təsdiqlədi

NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya ayrılan yardım paketini təsdiqləyiblər.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Brüsseldəki toplantıda alyansın baş katibi Yens Stoltenberq deyib.

"Biz təhlükəsizlik məsələlərini müzakirə etdik. İslahatlar da müzakirə mövzumuz oldu və biz öz dəstəyimizi nümayiş etdirdik. Ukraynanın şərqində Rusiyanın təcavüzü davam edir və vəziyyət hər an narahatçılıq yaranacağına əsas verir" - deyən Y.Stoltenberq qeyd edib ki, rəhbərlik etdiyi qurum Krımın ilhaqını və Donbasda baş verənləri beynəlxalq hüququn pozulması kimi dəyərləndirir.

"Bu, II Dünya müharibəsindən sonra sərhədlərə müdaxilə baxımından ilk haldır. Biz Kremli qanunlara riayətə çağırırıq", - deyə o əlavə edib.

Baş katib Minsk razılaşmasına əməl olunmadığını və atəşkəsin hər gün pozulduğunu önə çəkib. "Biz Ukraynaya ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün dəstəyi davam etdiririk. Rusiya separatçılara yardımını dayandırmalı və Ukrayna ərazisindən hərbi texnikasını çıxarmalıdır", - deyə Stoltenberq vurğulayıb.

Baş katib deyib ki, NATO Rusiyanın hərəkətlərinə cavab olaraq Ukraynaya dəstəyini artıracaq: "2014-cü illə müqayisədə siyasi və praktiki dəstəyin zəif olduğu qənaətinə gəldik və bunu artırmaq qərarına gəldik".

Y.Stoltenberqin sözlərinə görə, NATO ölkələrinin müdafiə nazirlərinin təsdiqlədiyi yardım paketi müdafiə sistemlərinin gücləndirilməsi və onların üzərində ictimai nəzarətin artırılması xarakteri daşıyır.

 

Daha öncə Ukraynanın NATO-dakı missiyası alyansla Ukraynaya hərbi dəstək verilməsi haqqında razılaşmanın imzalandığını bildirib. Bu dəstək Kiyevə Rusiyanın Müdafiə Sənayesi Kompleksindən birdəfəlik yaxa qurtarmaqda yardımçı olacaq.

Baş katib eyni zamanda NATO-nun Varşava sammitində prezident Pyotr Poroşenko ilə müzakirələrin davam etdirilməsinə hazır olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv