Fransa millisi mərhələ adladı
Fransa millisi futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Albaniya yığmasını 90-cı dəqiqədən sonra vurulan qollarla məğlub edib. APA TV-nin məlumatına görə, Marseldəki “Velodrom” stadionunda keçirilən oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk qol 90-cı dəqiqədə vurulub. Fransızların mərkəz müdafiəçisi Adil Raminin ötürməsindən sonra Antuan Qrizman topu başı ilə qapının uzaq küncünə yollayıb.
Bundan 5 dəqiqə sonra yarımmüdafiəçi Dmitri Paye Fransa millisinin qələbəsini möhkəmləndirən qola imza atıb - 2:0.
Qeyd edək ki, bu qələbə ilə Fransa millisi Avropa çempionatının pley-offuna vəsiqəni təmin edib.
Didye Deşamın yetirmələri qrupdakı son oyunu iyunun 19-da İsveçrə yığmasına qarşı keçirəcək.