Bakıda qadının evinə basqın edən quldur dəstəsi zərərsizləşdirildi

Bakıda qadının evinə basqın edən quldur dəstə zərərsizləşdirilib.

 

APA TV-nin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhər sakini Firəngiz Musayevanın Keşlə qəsəbəsində yaşadığı evə basqın edərək onun pulunu və qızıl-zinət əşyalarını quldurluq yolu ilə almış paytaxt sakinləri, əvvəllər məhkum olunmuş şəxslər -  Emil Budnıy, Elnur Əliyev, Elçin Nəsirov və Rakif Talıbov tutulublar.

 

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri hadisədən bir gün əvvəl görüşərək mənzilə daxil olmaq üçün xüsusi plan hazırlayıblar. Plana əsasən, ev sahibinin Elçin adlı oğlu ilə dost olan E.Nəsirov onu gecə saatlarında müxtəlif bəhanələrlə aldadaraq evdən çıxarıb. Bundan sonra qadının mənzildə tək olmasından istifadə edən dəstənin digər 3 üzvü evə daxil olub.

 

Elçin Nəsirov, saxlanılan şəxs: “Mənim bu hadisədə rolum ev yiyəsi Elçini evdən çıxartmaq olub. Ev yiyəsini çıxartmışam, onlar üçü də evə daxil olublar. Evdən çıxandan sonra zəng vurublar ki, biz gedirik çay evinə”.

 

Rakif Talıbov, saxlanılan şəxs: “Bir gün əvvəl Elçinlə görüşdük. Elə-belə onunla görüşməyə getmişdik. Orda söhbət oldu ki, ev sahibi Elçin maşınını satıb. Biz də dedik ki, evinə girək, pulunu aparaq. Səhəri gün axşam getdik ora. Elçin getdi onunla görüşməyə, biz də girdik evə. Arvadın əl-ayağını bağladıq. Evi axtardılar, pul çıxmadı”.

 

Elnur Əliyev, saxlanılan şəxs: “Bir gün əvvəldən Elçinlə görüşdük. Təklif elədi ki, belə bir iş var, mən evdən çıxardıram, siz də girin evi soyun. Elə də elədik. Girdik evə, arvadın əl-ayağını bağladılar. Mən də evi axtardım”.

 

Faktla bağlı saxlanılan şəxslər barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

 

Saxlanılan şəxslərin paytaxt ərazisində başqa cinayətlərdə iştirak edib-etmədikləri isə araşdırmalardan sonra məlum olacaq.

Müəllif | Apa.Tv
Apa.tv