İdeal bədən quruluşunu necə əldə etməli? - MƏŞQ ZALINDAN REPORTAJ

Yay fəsli başlayan kimi əksər insanlar istədiyi bədən quruluşuna sahib olmaq üçün məşqlərə başlayır. Mükəmməl bədənə malik olmaq istəyi ilk növbədə dəniz mövsümünün başlanması ilə əlaqədardır. Lakin nəzərə almaq lazımdır ki, dəniz mövsümü cəmi 3 ay çəkir.

 

Qısa müddətdə effekt əldə etmək istəyi ilə nizamsız şəkildə edilən məşqlər sağlamlığa ziyan vura bilər. Peşəkar məşqçi Kamil Zeynallı APA TV-yə açıqlamasında bildirib ki, məşqlərə başlamaq üçün yayı gözləmək lazım deyil: “Fit bədənə sahib olmaq üçün idmana qış aylarında başlamaq lazımdır. Çünki yayda isti olduğu üçün məşq zəif gedir. Halsızlıq, yorğunluq olur. Məşqdən dərhal sonra sərinləmək istəyi olur. İstənilən nəticəni əldə etmək üçün məşqlərə qış aylarında başlamaq məsləhətdir. Yayda bədənə istirahət vermək olar. Çünki çəki atılıb, əzələlər formasına düşüb. Amma elə insanlar var ki, tez nəticə əldə etmək üçün isti olmasına baxmayaraq, hər gün məşq edir, ac qalırlar. Bunun nəticəsi isə təbii ki, pis olar bilər”.

 

Düzgün arıqlamaq üçün həm də pəhrizə diqqət etmək lazımdır. Tez-tez az miqdarda qidalanmaq, lazımi qədər su qəbul etmək istənilən effekti əldə etməyə köməklik göstərir. Məşqçi qeyd edib ki, hər hansı xəstəlikdən də idman vasitəsilə xilas olmaq mümkündür. Amma diqqətli olmaqda fayda var. Əgər trenajor zalında məşq edəcəksinizsə, mütləq həkimlə məsləhətləşin. Sağlamlıqla bağlı hər hansı narahatlıq olduğu halda, bu, məşq prosesində özünü büruzə verir. Düzgün proqramın təyin olunması üçün məşqçi orqanizmin xüsusiyyətlərinə bələd olmalıdır.

 

Bəs Ramazan ayında oruc tutanların məşq etməsi nə dərəcədə düzgündür?

 

Kamil Zeynallının sözlərinə görə, oruc tutan zaman məşq etmək olar. Lakin müddəti azaltmaq lazımdır. Yəni əgər digər vaxtlarda 2 saat məşq edilirsə, oruc tutan zaman bədəni qorumaq üçün maksimum 1 saat məşq etmək olar. Günün birinci hissəsində idman etmək daha məsləhətdir: “Səhər məşq etmək daha məqsədəuyğundur. Çünki axşama yaxın güc azalır. Aclıq, məşqin yorğunluğu, qidalanandan sonra yatmaq istəyi. Bu da çəkinin artmasına səbəb olur. Ona görə də səhər məşq etmək daha faydalıdır. Məşqdən sonra dincəlməklə yorğunluq çıxır, gün ərzində güc toplamaq olur. Beləliklə, insan özünü daha yaxşı hiss edir. Amma ac qaldıqdan sonra məşq etmək düzgün deyil”.

 

Yay mövsümünün başlanması ilə xanımlar ideal bədən quruluşuna malik olmaq üçün idmana zaman ayırmağa başlayırlar. Onlardan biri də Təranə Apayevadır. Onun 28 yaşı var. 4 aydır ki, trenajor zalına gəlir. Əvvəllər özü müstəqil şəkildə idman etsə də, istədiyi nəticəni əldə edə bilmirdi: “Əvvəlki illərdə evdə, stadionda məşq etmişəm. Amma məşq zalına gəlməmişəm. İstədiyim çəkiyə düşürdüm, amma bədən formasını əldə edə bilmirdim. Ona görə də məşq zalına gəlməyə qərar verdim. Dieta saxlamaqla arıqlamaq olur, amma tam istədiyin formada olmursan, pis arıqlayırsan. Bunu görmüşəm. Həm dieta, həm də məşq daha çox effekt verir”.

 

Xanımlar əsasən qaçış üçün nəzərdə tutulan trenajorda daha çox məşq edirlər. Bu, çəki atmaq üçün ən çox istifadə olunan üsullardan biridir. Daha sonra bədəni formaya salmaq üçün digər trenajorlardan da istifadə olunur.

 

Xanımlardan fərqli olaraq, kişilər təkcə yay öncəsi deyil, ilboyu məşq edir, bədənlərini formada saxlayırlar. Həftədə bir neçə dəfə məşq zalına getməklə, daim gümrah qalmağa nail olurlar: “Bütün xüsusiyyətləri gözəldir. Fərq eləmir - qol, çiyin, ayaq - bədənin bütün hissələrini işlətmək lazımdır. Yayda istiyə görə çəki atmaq olur. Qışda rahatdır, yayda isə kalori itirilir”.

 

İdman sağlamlıqdır. Həm sağlam, həm də gümrah olmaq üçünsə çalışın təkcə, yay mövsümündə deyil, ilboyu idmana zaman ayırasınız. Çünki sağlam bədəndə sağlam ruh olar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv